UEFA Çempionıar Liqasının 1/8 finalının cavab matçında “Real” “Atalanta”nı qəbul edəcək. İlk oyunda minimal hesabla qalib gələn Madrid təmsilçisi üstünlüyünü qorumaq niyyətindədir. Meydan sahibləri favorit sayılsalar da, “Atalanta”nın güclü müqavimət göstərəciyini əvvəlcədən demək olar. Çünki, qonaqları yalnız qələbə qane edir. Heyətlərə gəlincə Atalanta daha yaxşı vəziyyətdədir. Belə ki Zidanın komandasında Karvaxal, Kazemiro, Azar, Mariano və Odriozola oyunu kənardan izləyəcək. İtaliya təmsilçisində isə Froyler və Hatebur görüşdə iştirak etməyəcək. La Liqada çempionluq uğrunda mübarizə aparan Real 57 xalla 3-cü pillədədir. Baş məşqçi Zinəddin Zidan la Liqada olduğu kimi çempionlar liqasında da fəxri mükafat uğrunda mübarizə apardığını bildirib: "Biz istər ölkə çempionatında , istərsə də çempionıar liqasında kubok uğrunda mübarizə aparırıq. Rəqibin heç bir fərqi yoxdur. Düşündüyümüz tək şey qələbədir. Artıq hər oyuna final kimi baxırıq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik".

İtaliya A Seriyasında 52 xalla 4-cü pillədə qərarlaşan “Atalanta” Çempionlar Liqasında da daha yüksək hədəflərə iddialıdır. Baş məşqçi Can Pyero Qasperini bu haqda mətbuat konfransında məlumat verib: "Düzdür, ilk oyunda məğlub olmuşuq. Lakin, bu, hər şeyin sonu deyil. Bu gecə vacib görüşə çıxacağıq. Azarkeşləri fantastik qarşılaşma gözləyir. Təslim olduğumuzu düşünənlər yanılırlar. Meydanda əzmkar "Atalanta"nı görəcəksiniz".

Qeyd edək ki, Real - Atalanta matçı gecə yarısı başlanacaq.